Mobil versiya
...Eyy...Ay dünya!
Tarix: 17-03-2017 | Saat: 15:08
Bölmə:Gündəm | çapa göndər

...Eyy...Ay dünya!

Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı.


Esse


... Eyy... Ay dünya! Sənin o qədər qəribə və təzadlı işlərin var ki! Nə deyək, nə edək bu işlərə. İşinə əl uzada bilmədiyimiz Ulu Tanrının hökmümü, həyatın yazılmamış qanunlarımı, ilahi bir ecazkarlığın sehrimi, fani dünyanın nağılbazlığımı, nəmi?! Bilmirəm!... Onu bilirəm ki, bütün qanunlar deformasiya olur, bir il, iki il... on il... yeniləşmə tələb edir, içtimai farmasiyalara uyğunlaşdırılır, məzmun və mahiyyətcə cəmiyyətə inteqrasiya olunur. Sənin qanunların, sənin işlərin əbədidir, əzəlidir, ay dünya!...

...Əlli ildir ki, bu əbədi, əzəli qanunların şahidiyəm, əlli ildir ki, sənin sehrində, sənin möcüzələr aləmində səninlə başbaşayam. Dönüb ötən o illərə baxanda vücudum titrəyir. Uşaqlıq illərim, gənclik illərim, o illərdə qaldı. Atalı-analı günlərimi, ən əziz qohumlarımı, dostlarımı o illər apardı, ay dünya!

...Kaş hesablaya biləydim. Bir gündə, bir saatda, bir dəqiqədə qoynuna neçə süd qoxulu körpə alırsan. Bu körpələrin sağlamlıq vəziyyəti, ixtiyarsız qığıltıları, tale payları, alın yazıları... nə bilim, nələr, nələr... Bir gündə, bir saatda, bir dəqiqədə qoynundan, öz isti qucağından, öz isti yuvandan neçə insanı köçürürsən. Neçə insana “Əlvida ey həyat ” — dedizdirirsən, ay dünya!... Nə qədər rəsmi və qeyri rəsmi statistikalarla beynimiz yüklənir, nə qədər faktlar, rəqəmlər söylənilir. Hamısı da təzadlı, hamısı da ziddiyətli! Tək sənin qanunlarındır ali, ziddiyətsiz, yatımlı, ay dünya!

Ey... Ay dünya! Bəşərin ən ali varlığı olan insanadır sözüm! İnsan niyə cəmiyyətin, təbiətin, dövlətin qanunlarına, Allah Talanın buyruqlarına, Ulu Tanrının hökmlərinə itaət etmir. İnsan niyə öz nicat yolunda yanılır. Axı, nədir bu iblislik, bu şeytanlıq, bu nadanlıq, bu lovğalıq, bu məkr bu bəşər övladının qəlbində. Qəlb niyə təmiz olmasın?! Qəlb niyə mərhəmət işığı saçmasın?! Kimdir bu dünyada pis əməlləri, əyri xilqəti ilə savab qazanan. Kimdir, kim?!

...Ey... Ay dünya! Sənin öz hökmlərin, öz qanunların ola-ola, bunu unudan bəşər övladına nə deyəsən?! Səlahiyyət sahibi olan kəslər, məmur cənablar, sizədir sözüm! Qoy səlahiyyətlərinizin icrası, vicdanınızın hökmü, qanunlarımızın aliliyi ilə olsun. Vicdanınızı pula-mala, rüşvətə, pis əmələrə meylləndirməyin. Zindana, qazamata niyə düşsün bəşər övladı? Axı, niyə?! Olunan əfvlər, amnistiyalar ən ali kürsüdə, ən ali səlahiyyət sahibinin—ölkə birincisinin mərhəməti, hümanizmi deyilmi?! Bu humanizm, bu mərhəmət peyğəmbərlərimizin buyruğu, qanunlarımızın aliliyi və bir də düz yola qayıtmaq, pis əməllərə “tövbə” demək üçün şansdır. Təəssüflər olsun ki, bu son şansı itirənlər, istifadə etməyi bacarmayanlar da olur. Kimlərdir onlar, kimlər?! Ay dünya... Qanına, canına, iliyinəcən cinayətkarlıq hopmuş bəşər övladları!... Ey bəşər övladı, niyə bu yolu tutdun?! Niyə taleyinlə oynadın, niyə?! Niyə utanmadın, niyə əzab çəkmədin tanıyanlarından, övladlarından, babalarımızın ruhundan?! Ulusun Dədə Qorqud zəhmətlə dolanan, halalığa baş əyən, adəm övladı deyildimi?!

Ey... Ay dünya! Nədir sənin dəyərin, meyyarın, ölçü vahidin. Deyirlər mizan- tərəzi qurursan o dünyada sən. Bu dünyada sənin hökmün, qanunların, alidir-ali! Bu dünyada şahidlik edir yaşı boyu bəşər övladı sənə. Gördüklərimiz, eşitdiklərimiz, bildiklərimiz varlığının hakimliyini yaşatdırır bizə. Bu dünyada
bayramlar, ad günləri, toy büsatlar, xeyir-şərli günlər... Bu dünyada sevincli günlərimiz, kədərli günlərimiz nağıllaşır, hekayətləşir... Bu dünyada nə qazandıq, nə itirdik... Alın yazısımı, taleyin işimi, Allahın qəzavü-qədərimi, nəmi, nə bilim... Bu dünyada...

...O dünyaya—sənin o üzünə də inanırıq. Bu dünyaya nöqtə qoyulandan sonra başlanır, o dünya. O dünya bu dünyanın davamıdır. Bu dünyada qazandıqların, əldə etdiklərin, əməllərin hər nə varsa, onu əks etdirir... O dünya bir güzgüdür, bu dünyaya... Ey... Ay dünya! Deməli o dünya da bu dünyanı yaxşı yaşayanların dünyasıdır. Nə yaxşı ki, bu belədir...

Ey... Ay dünya! Əlli ildir qoynundayam. Acını da, şirinini də dadmışam sənin. Şirinim də, acım da ömürlüyümdü. Ömür payımdan da narazı deyiləm. Hərdən hesabat verirəm özüm-özümə: Nə iş gördüm əlli ildə?!
Cavab da tapıram özümə: Gördüklərim, bildiklərim, yazdıqlarım, yaxşı-pis işlərim, nə varsa xatirələrdə, yaddaşlarda...

... Vaxt gələr o xatirələr çözələnər, açılar yaddaşlar. Bu dünyam o dünyama ayna olar. Aynada yaxşı-pis nə varsa görünər. Bir sadə müəllim əməyinin cizgiləri, bir yazıçı ömrünün yaşantıları əksini tapar. Ərsəyə yetirdiyim şagirdlər, yazdığım kitablar qırmızı xətt kimi görünər. Ömür-gün yoldaşı (?!), gül balalar (?!), (?!), (?!) və birdə tanıyanlarım (?!...) iftixar hissi keçirər, mən bu dünyada olmayanda!

...Ay dünya! Qoy bu “Ay dünya...” essem səninlə söhbətim olsun. Nə oxucum, nə şagirdlərim nə də dostlarım qınamasın məni. Necə tutsan elə də gedər bu dünyanın işləri...

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024