Mobil versiya
Hesablama Palatası DSMF-nin şöbəsində nöqsanlar aşkar edib
Tarix: 13-03-2017 | Saat: 10:40
Bölmə:Gündəm | çapa göndər

Hesablama Palatası DSMF-nin şöbəsində nöqsanlar aşkar edib

“Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilib, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, o cümlədən 1992-2006-cı illərdə çalışdıqları müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəməsi barədə məlumatlar ətraflı araşdırılmadan və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb”.

Bu barədə Azərbaycan Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi rayon şöbəsində aparılmış auditin nəticələrinə dair məlumatda qeyd edilib. Məlumata görə, audit yoxlaması 01.04.2015-01.10.2016-ci il tarixlərini əhatə edib.

Audit olunan dövr ərzində Şöbənin “Yığım” hesabının mədaxili 52 705 720,6 manat, dövrün əvvəlinə qalığı da nəzərə alınmaqla məxarici isə 52 801 428,0 manat olub: “2016-cı il oktyabrın 1-nə Şöbədə ümumilikdə 9 649 sığortaolunanı əhatə edən 620 hüquqi şəxs, 7 099 fiziki şəxs sığortaedən qismində qeydiyyatda olub ki, onlardan da 251 hüquqi şəxs və 485 fiziki şəxs fəaliyyət göstərib. Audit olunan dövr ərzində Şöbənin gəlirləri ümumilikdə 8 767,0 min manat təşkil edib, həmin vəsaitin də 8 759,7 min manatı məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 4,3 min manatı penyalardan, 3,0 min manatı isə digər gəlirlərdən ibarət olub”.

Araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial sığorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində Şöbə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib: “Audit olunan dövr ərzində 1 503 yeni pensiya təyinatı aparılıb, 11 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olub, 32 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar Fondun digər şöbələrinə göndərilib, 824 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb, 109 pensiya işi isə beş illik müddətin bitməsi ilə bağlı uçotdan çıxarılıb. Müvafiq məlumatlara əsasən 01.04.2015-ci il tarixindən ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə həyata keçirilməsinə başlanılanadək 1841 ÜSY təyinatı aparılıb, 01.10.2016-cı il tarixə 1 705 ÜSY işi üzrə ödənişlər davam edib, qalan 136 iş üzrə ödənişlər müxtəlif səbəblərdən dayandırılıb”.

Hesabatda deyilir ki, ÜSY-nin adambaşına düşən orta məbləği 2015-ci ilin son 9 ayı ərzində 33,98 manat, 2016-ci ilin ilk 9 ayı ərzində isə 32,18 manat, həmin dövrlərdə təyinat üzrə cəmi məbləğ isə, müvafiq olaraq, 197 497,62 manat və 84 864,16 manat təşkil edib:

“Araşdırma nəticəsində müəyyən edilib ki, 01.04.2015-31.12.2015-ci il dövründə təyin edilmiş işlər üzrə ailədə adambaşına düşən gəlirin həcmi 54 ailə üzrə 0,0-60,0 manat, 457 ailə üzrə 60,01-70,0 manat, 701 ailə üzrə 70,01-80,0 manat, 54 ailə üzrə 80,01-90,0 manat, 9 ailə üzrə isə 90,01-100,0 manat aralığında olmuşdur. 01.01.2016-01.03.2016-cı il dövründə isə adambaşına orta aylıq gəliri 0,0-60,0 manat olan 5 ailəyə, 60,01-70,0 manat olan 75 ailəyə, 70,01-80,0 manat olan 459 ailəyə, 80,01-90,0 manat olan 27 ailəyə ÜSY təyin edilib. Bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməmiş, müxtəlif səbəblərdən bağlanmış ÜSY hesabları üzrə bank qalıqları qalıb, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb”.

“VEMTAS-la ÜSY təyinatının araşdırılması zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq 1 il müddətinə sosial yardım almaq hüququnu itirmiş ailələrə həmin müddət ötməmiş ÜSY təyin edildiyi, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişinin dayandırılmadığı müəyyən edilib. VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə Nazirliyin internet saytındakı adlı siyahıya əsasən seçmə üsulla monitorinqlər təşkil edilib, həmin monitorinqlər zamanı ailə tərkibi və ailənin şəxsi yardımçı təsərrüfatdan gəlirləri haqqında VEMTAS-a daxil edilmiş məlumatların düzgünlüyünün müvafiq qaydalarda göstərildiyi kimi yerində araşdırılmaması, VEMTAS tərəfindən ailə üzvünün sosial sığorta nömrəsinin olmadığı hallarda pay torpağı ilə bağlı məlumatların və ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri ünvan və elektrik sayğacı nömrəsinin eynliyinin müəyyən edilməməsi, həmçinin ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərin üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi nöqsanlara rast gəlinib”, - deyə hesabatda qeyd olunub.

Aparılmış audit nəticəsində müəyyən edilib ki, sosial müavinətlərin və təqaüdlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsi zamanı bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməyib, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməyib, qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə sosial müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olub.

Hesablama Palatasının Kollegiyası DSMF-nin Ağcabədi rayon şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq təqdimat Ağcabədi rayon şöbəsinə, Kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024