Mobil versiya
Oğlanın başına oyun açıb videoya çəkdilər - Lənkəranda DƏHŞƏT
Tarix: 07-03-2017 | Saat: 17:01
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Oğlanın başına oyun açıb videoya çəkdilər - Lənkəranda DƏHŞƏT



Oğurluq, hədə-qorxu yolu ilə pul tələb etmə və rəsmi sənədləri qanunsuz əldə etməkdə ittiham olunan Lənkəran rayonunun Hirkan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Amil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


AİA.Az teleqraf.com-a istinadən xəbər verir ki, Amil Babayev 2014-cü il oktyabrın əvvəlində tanışı Sadiq Nəbiyevi (ad və soyad şərti verilib - red.) bir qədər gəzişmək bəhanəsi ilə aldadıb. O, Sadiqi idarə etdiyi "Mercedes" markalı avtomobilinə mindirib və birlikdə Lənkəran rayonun Təngivan kəndinə aparıb.

10 min dolları almaq planı

Amil Babayev kəndin kənarında, kimsəsiz yerdə avtomobili saxlayıb. Sonra tanışlar avtomobildən düşüblər. O, tanışının 10 min ABŞ dollarını ələ keçirmək məqsədilə plan qurub.
Amil Babayev Sadiq Nəbiyevi döyüb, sonra bıçaqlayıb. Amil Babayev Sadiq Nəbiyevi zorla ailəsinin ünvanına nalayiq söyüşlər söydürməyə məcbur edib. Sadiq Nəbiyev də qorxusundan Amil Babayevin dediklərini yerinə yetirib. Sadiq Nəbiyev ailə üzvlərinin haqqında xoşagəlməz hadisələri danışıb. Bu zaman da Amil Babayev telefonu vasitəsi ilə onun dediklərini video çəkiliş edib.
Həmçinin Amil Babayev çəkilişi İnternetdə yerləşdirməməsi üçün Sadiq Nəbiyevdən 10 min dollar tələb edib.

Oğurluq

Amil Babayev 2014-cü ilin noyabr ayında Sadiq Nəbiyevin yaşadığı Lənkəran rayonun Bürcəli kəndindəki evinə girib. O, evdən 90 manat dəyərində üç ədəd stul, həmçinin Rəvan Canməmmədliyə məxsus 10 manat dəyərində idman çantasını və şəxsiyyət vəsiqəsini oğurlayıb.

Amil Babayev həmin stullardan ikisini həmkəndlisi Rasif Malıyevə 20 manata satıb, Rəvan Canməmmədliyə məxsus şəxsiyyət vəsiqəsindən istifadə etməklə özünə "Azercell" mobil operatoruna məxsus mobil telefon nömrəsini alaraq işlədib.

Sadiq Nəbiyev Amil Babayevin tələb etdiyi pulu ona verə bilməyəcəyini başa düşüb. Buna görə də Sadiq Nəbiyev Amil Babayevin əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Keçirilən əməliyyat nəticəsində Amil Babayev həbs edilib.

4 maddəli cinayət işi

Amil Babayev Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) və 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham edilib.

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amil Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amil Babayev apelyasiya şikayəti verib.

Amil Babayev əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlib. O, iddia edib ki, günahsızdır və barəsində bəraət hökmü çıxarılmalıdır.

Amil Babayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Amil Babayevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Apelyasiya şikayətinin dəlilləri araşdırılandan sonra qərar elan edilib. Qərara görə, Amil Babayevin apelyasiya şikayəti qismən təmin edilib.

Amil Babayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib.

Onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən həmin məcəllənin 182.2.3 və 182.2.4-cü (zor tətbiq etməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu gəlmək) maddələrinə tövsif olunub.

Məhkəmə Amil Babayevi Cinayət Məcəlləsinin 182.2.3, 182.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilib və onun cəzasını 9 il 6 aya endirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024