Mobil versiya
Ermənilər türkdən dönmə olduqlarını "iddia" edir və ya növbəti təxribat...
Tarix: 15-02-2017 | Saat: 21:20
Bölmə:Karusel | çapa göndər

Ermənilər türkdən dönmə olduqlarını "iddia" edir və ya növbəti təxribat...








Aia.Az Trend-ə istinadən Bəxtiyar Hacıyevin yazısını təqdim edir.



Ermənistanın hərbi cinayətkar rejimi Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz "referendum" keçirməyə hazırlaşır. Bu qondarma "referendum"da məqsəd Dağlıq Qarabağ bölgəsinin adını dəyişdirməkdir.

Rəsmi Yerevan öz aləmində "referendum" keçirə bilər, lap Dağlıq Qarabağı "Artsax" da adlandıra bilər. Amma nə bu referendumun nəticəsini, nə də Dağlıq Qarabağın bu qondarma adını tanıyan olacaq.

Əslində, ermənilərin özəlləşdirməyə çalışdığı türk toponimi olan "Arsak" qədim türk tayfası sakların adı ilə bağlıdır. Mənası da "ər sak", "igid sak", "sak kişisi" deməkdir. Ermənilərin sərsəm iddiaları bir yana dursun, ilk baxışda Qarabağın adının digər türk toponimi ilə dəyişdirilməsinə cəhddə heç bir narahatlıq yoxdur. Bəlkə ermənilər türklərdən - saklardan dönmə olduqlarını nümayiş etdirmək istəyirlər? Xeyr! Ermənistanın "ad dəyişdirmə" siyasətinin məqsədi başqadır: növbəti təxribat törətməklə, işğal olunmuş ərazilərimizdə yaratdıqları qondarma rejimi tərəf kimi təqdim etməklə (artıq buna bir dəfə cəhd edilib və bu cəhd təbii ki, iflasa uğrayıb) rəsmi Bakı ilə münaqişənin nizamlanması üzrə danışıqları pozmaq.

Bu qondarma "referendum"un Münhen Təhlükəsizlik Konfransı ərəfəsinə "təsadüf" etdiyini, eləcə də konfrans çərçivəsində Dağlıq Qarabağ üzrə görüş keçirilməsi ehtimalını nəzərə alsaq, Ermənistanın təxribatının əsl məqsədi gün kimi aydın olur.

Qeyri-qanuni "referendum" Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması deməkdir və təbii ki, hər hansı hüquqi qüvvəsi ola bilməz. Nəzərə alınmalıdır ki, bu qondarma "referendum" işğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması şəraitində keçirilə bilər.

Əgər beynəlxalq təşkilatlar problemi həqiqətən də nizamlamaq istəyirlərsə, o zaman qondarma qeyri-qanuni "referendum"u rədd etdiklərini bəyan etməli, Ermənistan rəhbərliyinin öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməsi, işğalçılıq siyasətinə son qoyması, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməsi və beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana təzyiq göstərməlidir.

Ümumiyyətlə, Ermənistanın bu təxribatçı addımı, eləcə də Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri erməni tərəfinin münaqişənin dinc yolla, siyasi həllində maraqlı olmadığını bir daha sübut edir. Bununla Ermənistan əslində gərginliyi artırır, işğalçı siyasətinin nəticələrini, qəbuledilməz və qeyri-davamlı olan status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atır, münaqişənin dinc yolla həlli istiqamətində cəhdləri pozur, işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirir və s. Ermənistan belə fəaliyyəti ilə bütövlükdə regional və beynəlxalq sülh və təhlükəsizliyi təhlükə altına qoyur.

Arayış: Xatırladaq ki, münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri və BMT Baş Məclisinin 62/243 (2008) saylı qətnaməsi Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə