Mobil versiya
VƏTƏNƏ XİDMƏTİN, DÖVLƏTÇİLİYƏ SƏDAQƏTİN ZİYA MƏMMƏDOV YOLU
Tarix: 21-09-2015 | Saat: 11:12
Bölmə:Gündəm / Seçilənlər-1 / Manşet / Karusel | çapa göndər

VƏTƏNƏ  XİDMƏTİN,  DÖVLƏTÇİLİYƏ  SƏDAQƏTİN  ZİYA MƏMMƏDOV YOLU
İstənilən dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu nəqliyyat kommunikasiyalarının inkişaf səviyyəsi ilə ölçülür. Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab verən nəqliyyat-yol şəbəkəsi olmayan hansısa dövlətin dinamik inkişafından söz açmaq qeyri-mümkündür. Bu reallığı ümumilli liderimiz Heydər Əliyev də müdrikliklə yüksək qiymətləndirib. Azərbaycanın bütün həyatı əhəmiyyəti sahələrdə inkişafın əsasını qoyan «Əsrin müqaviləsi»nin imzalanması ilə respublikanın iqtisadi qüdrəti və tranzit potensialı xeyli dərəcədə artdı. Şərqlə Qərb arasında starteji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlətlərdən biri kimi bölgədəki lider statusunu təmin etdi. Tarixi İpək yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən respublikamızın geostrateji əhəmiyyətini daha da artırdı. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq əhəmiyyətli bu layihənin reallaşması ulu öndərimiz Heydər Əliyevin gərgin fəaliyyətinin və qətiyyətinin nəticəsidir.
Fəxrlə deyə bilərik ki, respublikanı dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə aparan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı iqtisadiyyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol kompleksinin dinamik inkişafı üçün böyük imkanlar yaradır.

ZƏNGİN VƏ ŞƏRƏFLİ BİOQRAFİYA
Haqqında söz açdığımız insan çoxlarının qibtə edə biləcəkləri saleh əməllərə nail olmuş, mənalı yaşayıb mümkün olduğundan artıq iş görmüş, xeyirxah işlər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Qüruru, əyilməzliyi, dönməzliyi, əsilzadəliyi ilə minlərlə insanın qəlbində özünə heykəl ucalda bilmişdir. O, təkcə yetkin bir dövlət xadimi, geniş erudisiyası, təşkilatçılıq qabiliyyəti olan bir kadr deyil, həm də siyasi orientasiyasını düzgün müəyyənləşdirmiş fəal vətəndaşlıq mövqeyinə malik ziyalı, milli bir insandır. Azərbaycan adını, ölkəsinin mənafeyini,şərəfini həmişə uca tutan bir şəxsiyyətdir. Şübhəsiz, söhbətin kimdən getdiyini müşahidəli oxucular elə ilk sətirlərdən başa düşdülər – Cənab Ziya Məmmədovun portretini çəkməyə çalışacağıq.
Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışmışdır.
1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur. 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləmişdir. 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.
Fəxri Dəmiryolçudur. Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür. Rusiya Federasiyası Dərbənd şəhərinin fəxri vətəndaşıdır.
Ailəlidir, 2 övladı var.

RƏHBƏRLİK ETDİYİ SEKTORU ƏN PERSPEKTİVLİ SAHƏLƏRDƏN BİRİNƏ ÇEVİRƏN NAZİR
2003-cü il 10 iyun tarixli fərmanla təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq Nəqliyyat Nazirliyi dəmir yolu, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahəsində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra orqanı kimi fəaliyyət göstərir. Nazirliyin əsas vəzifəsi nəqliyyat-yol kompleksinin inkişafını təmin etmək, yük və sərnişin daşımaları sahəsində vahid dövlət siyasətini formalaşdıraraq həyata keçirmək, bu kompleksə daxil olan sahələrin fəaliyyətini əlaqələndirmək, dövlət mənafelərini qorumaqdır. Cənab Ziya Məmmədovun rəhbərliyi altında qurum bu vəzifələrin öhdəsindən layiqincə gəlib.
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.Aydındır ki, nəqliyyat sektoru tələbatını ödəməyən dövlətin iqtisadiyyatı da zəif olar, inkişaf edə bilməz. Ona görə də ölkə rəhbərliyi nəqliyyat sektorunun inkişafının beynəlxalq tələbləri ödəməsinə və bu sahədə təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirir. Hazırda nəqliyyat sektoru müasir tələbləri ödəyir, lakin ölkənin sosial-iqtisadi inkişafı sürətli və yüksək templi olduğu üçün yeni, daha yüksək mərhələyə müvafiq onun infrastrukturu daim təkmilləşdirilir. Bu sahədə aparılan ardıcıl islahatlar artıq ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən biri edib.
Ölkədə nəqliyyat sektorunda dörd əsas bölmə vardır: avtomobil, dəmiryol, hava və su nəqliyyatı. Bu sahələrin hərəsinin öz xüsusi spesifik xüsusiyyətləri olduğu üçün dominant inkişaf istiqaməti bir zərurət kimi tələb olunur, həm də onların bir-birini tamamlayan vahid sistem kimi inkişafı təmin edilir. Hazırda nəqliyyat sektoru ölkədə öncül mövqeyə malikdir, rentabellidir və daha yüksək inkişaf mərhələsinə daxil olub. Müasir tələbatı ödəyən nəqliyyat həm də beynəlxalq əməkdaşlıqda mühüm amildir. Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat sektorunun müasir inkişafının daim dövlətin diqqət mərkəzində olduğu, onun beynəlxalq əhəmiyyəti barədə deyib: “Demək olar ki, Azərbaycanda nəqliyyatın bütün sahələri planlı şəkildə inkişaf etdirilir. Hər bir sahə üçün əlavə proqramlar, layihələr var, maliyyə resursları təmin edilir... Bir daha demək istəyirəm ki, bütövlükdə, nəqliyyatda işlər yaxşı gedir. Bildiyiniz kimi, dəmir yolu nəqliyyatında transmilli layihələr həyata keçirilməyə başlayır. Baki-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi nailiyyətdir... Bu dəmir yolunun tikintisi bölgədə tamamilə yeni vəziyyət yaradır və Azərbaycan çox etibarlı tranzit ölkəyə çevriləcəkdir”.

İQTİSADİ İNKİŞAFIN ÜÇ MÜHÜM ŞƏRTİNDƏN BİRİ
İqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı təməl kimi əsasdır: enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi və ərzaq təhlükəsizliyi. Bugünkü iqtisadi inkişafın təməlində 1990-cı illərin ortalarında başlanmış və hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ümummilli lider Heydər Əliyevin strategiyası dayanır. Ulu öndərin siyasi müdrikliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizə xarici sərmayə qoyuluşuna geniş imkan yaratdı. Azərbaycan dünya bazarına çıxmaqla beynəlxalq iqtisadiyyata inteqrasiyada ilk mühüm addımlarını atmağa başladı. Karbohidrogen ehtiyatlarının xarici bazarlara daha təhlükəsiz, az məsrəflə və ən qısa müddətdə çatdırılması üçün Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac nəql kəmərlərinin istismara verilməsi ölkəmizə qeyri-neft sektorlarının da inkişafına lazım olan sərmayəni gətirdi.
İqtisadiyyatın hərtərəfli inkişafında daşıma, çatdırma və təchizat kimi amillər həlledici rol oynadığına görə nəqliyyatın dünya standartları səviyyəsində olması üçün digər zəruri sahələrlə paralel olaraq onun inkişafı da prioritet elan edildi. Beləliklə, regionların inkişafı Dövlət proqramlarında bu sahənin infrastrukturunun sürətlə və müasir səviyyədə yaradılması üçün bütün məsələlər nəzərə alınmışdır. Təkcə 2009-2013-cü ilin Dövlət Proqramında yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması üzrə 64 tədbir nəzərdə tutulmuş və bütün məsələlər həll edilmişdir. Nəqliyyat sektorunu tamamlayan mühüm növün biri də avtomobil nəqliyyatıdır. Bu gün yükdaşımada avtomobil yolları mühüm mövqeyə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınmışdır. Belə ki, bu nəqliyyat sahələri ayrıca qurum olsalar da, biri digərinin inkişafına zəmin yaradır. Ölkə başçısı avtomobil yollarının infrastrukturu barədə deyib ki, avtomobil nəqliyyatı sahəsində çox böyük işlər görülür. Yollar həm insanlara rahatlıq verir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Hazırda növbəti proqram hazırlanır və regionların inkişafında yol nəqliyyatının möhkəmlənməsi başlıca rol oynayır.
Yol olmayan yerdə inkişaf da yoxdur. Dövlət başçısı bu barədə vurğulayıb: “Bu yolların tikintisi bir neçə məqsəd daşıyır. Əlbəttə, biz Azərbaycan ərazisi ilə yükdaşımaların artmasını istəyirik və bunu təmin edirik. Amma ilk növbədə, Azərbaycan vətəndaşlarının normal yoldan istifadə etməsi məsələləri diqqət mərkəzindədir. Bir daha demək istəyirəm ki, regionların inkişafı məsələləri birbaşa yol infrastrukturu ilə bağlıdır”.
Yol-nəqliyyat kompleksində problemləri aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən layihələr əsasında yeni yollar salınır, fəaliyyətdə olanlar genişləndirilir, piyadaların təhlükəsizliyi üçün yolötürücüləri və körpülər inşa edilir. Bu sahədə böyük işlər görülmüşdür və proses dünya standartlarına müvafiq davam edir.

ÖLKƏSİNİN DÜNYA MİQYASINDA NÜFUZUNUN ARTMASINA TÖHFƏ VERƏN VƏTƏNDAŞ
Dəniz nəqliyyatının da inkişafı diqqət mərkəzindədir və tərəqqi davamlıdır. Get-gedə həcmi artan bütün daşınmalar xarici əlaqələr üzrə olmuşdur. Hazırda Ələtdə tikilən Beynəlxalq Dəniz Ticarət Limanı təhvil veriləndə ölkəmizin su nəqliyyatı sistemi regionun ən nəhəng nəqliyyat qovşağına çevriləcəkdir.
Azərbaycanın yürütdüyü siyasi xətt, təbii ki, qarşı tərəflərin də marağını təmin etdiyi və sosial-iqtisadi inkişafına təsiredici stimul verdiyi üçün beynəlxalq əməkdaşlığın sərhədinin genişlənməsinə, dünya miqyasında nüfuzunun daim artmasına səbəb olub. Bu gün Azərbaycan regionun qüdrətli və nüfuzlu dövləti mövqeyindədir. Lakin bu son hədd deyil, çünki ölkə daha yüksək intensiv inkişaf mərhələsinə qədəm qoyub. Artıq Azərbaycan regionda elə mövqeyə sahib olub ki, ölkəmizin iştirakı olmadan regionda hər hansı bir layihə həyata keçirilə bilməz. Bu beynəlxalq mövqe dövlətin güclü, prinsipial siyasi iradəsinin, gələcək inkişafı düzgün proqnozlaşdıraraq siyasət yürütməsinin, xalqın da ona inamının nəticəsidir. Buna görə də qazanılan uğur davamlıdır. Ölkədə nəhəng beynəlxalq əhəmiyyətli layihələrin icrası davam edir. Bu, ölkənin əhəmiyyətini və qüdrətini daim artırır. Beləliklə, davamlı inkişaf onun tələbini ödəyən nəqliyyat sistemi tələb edir.
Azərbaycan inkişaf etdikcə, beynəlxalq əlaqələri genişləndikcə hava nəqliyyatı da intensiv inkişaf edir. Bu gün Azərbaycanda 7 beynəlxalq hava limanı fəaliyyət göstərir. Bu isə öz növbəsində regionlarımızın xarici ölkələrlə birbaşa əlaqə yaratması, lazımi operativ nəqliyyatla təchizat və dinamik sosial-iqtisadi inkişafa güclü təkan deməkdir. Hava nəqliyyatının inkişafı dövlətin dəstəyilə mümkün olmuşdur. Dövlətin verdiyi zəmanətli kreditlər hesabına bu tərəqqi əldə edilmişdir. Həmin vəsaitlər hesabına ən müasir “Boinq”, “Erbas”, “Atr” təyyarələri alınmışdır. Bu da daşınmanı xeyli artırmışdır. Bu gün Azərbaycanın təyyarə parkında köhnə markalı və texnologiyalı təyyarələr yoxdur. Azərbaycanda müasir tipli aeroportların mövcudluğu və kəmiyyəti ölkəni Avrasiya məkanında regional mərkəzə çevirib.
Azərbaycan çox mühüm geosiyasi mövqedə yerləşir. Bu mövqedən istifadə edən ölkə rəhbərliyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrini uğurla reallaşdırır. Azərbaycan nəinki bölgədə, həm də bütün dünyada mühüm nəqliyyat dəhlizi kimi mövqe qazanıb. Lakin müasir qloballaşma prosesi daim irəli getməyi, elmi və texnoloji tərəqqiyə nail olmaqla dayanıqlı, sabit inkişaf etməyi və gələcək iqtisadi-siyasi prosesləri görərək çalışmağı tələb edir. Ölkəmiz məhz bu yolla gedir. Azərbaycan rəhbərliyi mütəmadi olaraq milli maraqlara uyğun təmkinli, düşünülmüş, çevik, qabaqlayıcı siyasi, iqtisadi tədbirlər həyata keçirir, ölkənin sürətli, dinamik inkişafını təmin edilir.

XALQINI QONAQ YANINDA ÜZÜAĞ EDƏN VƏTƏN OĞLU
Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat- yol kompleksi üzrə məsələlərin həlli üçün Nəqliyyat Nazirliyinin 8 iyul 2013-cü il tarixli, 112/ü nömrəli əmri ilə “Tədbirlər Planı” təsdiq edildi.
“Tədbirlər Planı”nına uyğun olaraq, uzunluğu 10 km olan Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi işləri başa çatdırılaraq, 2014-cü ilin dekabr ayının 23-də prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirildi.
Bakı Olimpiya Stadionuna gedən yolun və yol qovşaqlarının tikintisi (17 km), Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi (stadiondan 3 km-lik hissəsi), Su İdmanı Sarayı ərazisindəki yolların tikintisi (5,4 km), Respublika Stend Atıcılığı İdmanı Kompleksi və Dağ Məkanı üçün Veloparka gedən yolun tikintisi işləri (2,0 km) uğurla başa çatdırıldı.
Stend Atıcılığı İdmanı Kompleksindən, eləcə də Beynəlxalq Avtovağzal ərazisindən Dairəvi Yola çıxış üçün uzunluğu 1 km olan estakada (450 m, 2 hərəkət zolaqlı) və yolun tikintisi işləri,Bakı Dairəvi yolunun 14 km–lik şəhərdən çıxan hissəsinin təmiri, habelə əks istiqamətdə isə işlər, habelə Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri, fəxri qonaqların, idmançıların və tamaşaçıların qarşılanması üçün ən çox istifadə edilən Heydər Əliyev prospektinin əsas yol hissəsinin təmiri may ayının 10-adək yekunlaşdı.
I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) yüklərinin saxlanacağı Suraxanı rayonu ərazisindəki anbara gedən uzunluğu 4,1 km olan 2 hərəkət zolaqlı yolun tikintisi də yüksək səviyyədə yerinə yetirildi.“Məşəl Proqramı” çərçivəsində bütün Azərbaycanı gəzdirilən və Atəşgah Məbədindən götürülən “Azərbaycanın Odu”nun hərəkət marşrutu üzrə də təmir işləri müvəffəqiyyətlə reallaçdırıldı.
İdmançıların, yüksək səviyyəli qonaqların, texniki heyətin, media nümayəndələrin və s. qonaqların hərəkət edəcəyi yol şəbəkəsi boyu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin gücü ilə bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırıldı və nişanlama xətlərin çəkilməsi işi aparıldı.
Xüsusi ilə qeyd edək ki, əsas yol şəbəkəsində eni 3,75 metr olan “Oyunlar zolağı” ayrıca işarələndi, hərəkət zolağının kənarlarında 25 sm enində sarı xətt həkk olundu, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkildi.

ZİYALILIQ VƏ VİCDANLILIQ NÜMUNƏSİ
Cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində, səmərəli yerinə yetirmiş, bütün hallarda rəhbərlik etdiyi hökumət strukturunda çalışan hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmuşdur. Etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına, yol-nəqliyyat infrastrukturunda çalışan hüquqi və fiziki şəxslərin inamını artırmış və möhkəmləndirmişdir. Cənab Məmmədov dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir.
İctimai etimad qazanan cənab nazir Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borclu olduğunu bir an olsun belə unutmamışdır.
Ziya Məmmədov cənabları insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmiş, öz işçilərindən də bunu tələb etmişdir.
Cənab nazir qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını qorumuşdur.
Bütün şəxslərə, o cümlədən tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olan Ziya müəllimin qəbul etdiyi qərarlarda heç vaxt qərəz duyulmamış, bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməmişdir.
Ulu Öndər HeydərƏliyev siyasi kursunu dəstəkləyən, Ümummilli liderin layiqli davamçısı İ, prezident İlham Əliyevin yaxın çiyindaşı olan Ziya Məmmədovsiyasi orientasiyasına baxmayaraq, xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etmişdir. Özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməmiş və bu cür təsir üçün şərait yaratmamışdır. Ziya Məmmədovun ictimai və ya siyasi fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyi onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmayıb.
Cənab MəmmədovNazirliyin balansında olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, kommunikasiya sistemlərindən və digər maddi-texniki təchizat avadanlıqlarından yalnız xidmətlə əlaqədar hallarda qənaətlə və səmərəli istifadə etməyi daim diqqət mərkəzində saxlamış, rəhbərlik etdiyi böyük kollektivdən də bunu tələb etmişdir. Cənab nazir sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etmiş, müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına ciddi əməl etmişdir. Bəzi KİV bunu səhvən şəffaflıqdan, ictimai hesabatlılıqdan yayınma kimi qiymətləndirmişlər.
Öz davranışı ilə etik qaydalara əməl olunması nümunəsi göstərən Ziya müəllim tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməkdən və qərarlar qəbul etməkdən çəkindirmiş, bu müstəvidə pozuntuhallarının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmüşdür.

MƏMMƏDOVLARA QARŞI APARILAN QARAYAXMA KAMPANİYASI UĞURSUZLUĞA MƏHKUMDUR
Böyük ispan mütəfəkkiri Qrassiana görə, kamilliyin əsaas əlamətlərindən biri insanın öz kiçik nöqsanıyla da barışmaz olmasıdır. Çox az adam tapılar ki, ruhən və ya cismən heç bir qüsuru olmasın. Böyük şəxsiyyətlərin əməllərindəki natamamlıqlar göy cisimlərinin tututlması kimi hamı tərəfindən müşahidə olunur. Pisniyyət adamlar şöhrət üzərindəki ən kiçik ləkələri belə dərhal sezir və inadla onu tənqid atəşinə tuturlar. Sərt xasiyyətli adamlar var ki, təkcə ehtiraslarının coşduğu zaman yox, ümumiyyətlə, təbii meyllərinə görə hər işdə cinayət görürlər. Hamını pisləyir, birini nə isə etdiyinə, digərini isə edəcəyinə görə qınayırlar. Belələri KİV sahəsində çalışdıqda, çirkin rəqabət aparanların ruporuna çevrilirlər. Təəssüflər olsun ki, Ziya müəllimin başçılıq etdiyi Məmmədovlar ailəsi də bədxahlarının sifarişini yerinə yetirən bəzi media vasitələrində böhtan və hədyana məruz qalır. Məmmədovlara qarşı ayrı-ayrı vaxtlarda aparılmış olan qarayaxma kampaniyaları həmişə uğursuz alınıb və böhtançıların özlərinin ifşası ilə nəticələnib. Ailə üzvləri itiriləsi bir şeyi-şərəfi, şanı, abırları olmayan belə bədniyyətlərə baş qoşmur, onların səviyyəsinə enmirlər. Təsəvvür edin, Məmmədovlardan birinin hamının halal haqqı olan əmək hüququnun bir hissəsi kimi, məzuniyyət hüququndan istifadə edərək, işə çıxmaması dərhal mətbuatda “ölkədən qaçmaq”kimi təqdim olunur. Və yaxud, “Azərbaycan Dəmir Yolları” QSC-nin Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılması kimi hökumət qərarı “Dəmir yolunun Ziya Məmmədovun əlindən alınması” başlığı altında bəsit bir düşüncənin məhsulu kimi manşetlərə çıxarılır. Düşünürük ki, yaxşını pisdən, ağı qaradan seçməyi bacaran Azərbaycan xalqı, Azərbaycan dövləti öz layiqli vətəndaşları olan Məmmədovların tariximizdə tutduqları yeri düzgün müəyyənləşdirmiş, layiqli qiymətlərini də vermişdir və bu məsələdə destruktiv, pozucu qüvvələrə xidmət edən dezinformasiyalara əhəmiyyət verməyə ehtiyac yoxdur.
İnanırıq ki, Azərbaycan xalqı, Azərbaycan dövləti çox hörmətli Ziya Məmmədovun ölkəyə xidmətlərindən hələ bundan sonra da xeyli faydalanacaq, bu tərəqqipərvər ziyalının respublikamızın çiçəklənməsinə verdiyi sanballı töhfələri layiqincə dəyərləndirəcək, gələcək nəslə nümunə, etalon kimi göstərəcəkdir.
Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024