Mobil versiya
Bu sualın cavabını kim bilir: Özümüzü niyə öldürürük? - Sorğu
Tarix: 07-02-2017 | Saat: 22:14
Bölmə:Cəmiyyət | çapa göndər

Bu sualın cavabını kim bilir: Özümüzü niyə öldürürük? - Sorğu




Statistikaya görə, dünyada hər il 1 milyon 100 min insan özünə qəsd edir. 19 milyon insanın isə özünə qəsdi uğursuz alınır

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli: “Həm media haqda təlimatlarda, həm də jurnalistlərin etik kodeksində intihar xəbərləri ilə bağlı məsələyə ehtiyatla yanaşmaq, təhlükəli halların göstərilməməsi və informasiyanın detallı deyil, yanlız qısa şəkildə verilməsi tövsiyə olunur. Bizim ənənəvi mediada bu prinsiplərə çox az əməl olunur”.

Psixoloq Tariyel Faziloğlu: “Dəyanət Rzayevin intiharından sonra statistik baxımdan intihar sayları artıb”.

Statistikaya görə, dünyada hər il 1 milyon 100 min insan özünə qəsd edir. 19 milyon insanın isə özünə qəsdi uğursuz alınır. Son zamanlar elə Azərbaycanda da ötən illərlə müqayisədə intiharların sayı sürətlə artmaqda davam edir. Gün ərzində saytlarda 6-7, bəzən daha çox intihar xəbərlərii yayımlanır. Yaş həddi və intihar səbəbləri müxtəlif olsa da, öz canına qıymaq baxımından oxşar nöqtədə toqquşan bu neqativ halın artmasının səbəbi nədir?

Onu da qeyd edək ki, mediaya sızan intihar xəbərləri əsasən, məsələnin cinayət yönünü araşdıran Daxili İşlər Nazirliyi və tibbi ekspertiza aparan Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunur. Bəs görəsən kütlə psixologiyası nöqteyi-nəzərindən baxsaq, intiharların artmasında mətbuatın müəyyən mənada rolu varmı? Mətbuatda bu tipli xəbərlərin daha çox gizli tutulması intiharların azalmasına yol aça bilərmi? İntiharların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

PİA.AZ intihar və intihar cəhd hadisələrinin mətbuatda yayımlanmasının intiharların statistikasına təsiri ilə bağlı hazırladığı sorğunu oxucularına təqdim edir:


Müşfiq Ələsgərli: “Onlayn xəbər istehsalçıları intihar xəbərləri ilə bağlı qoyulmuş məhdudiyyətləri nəzərə almalıdırlar”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli onlayn xəbər istehsalçılarının qoyulan məhdudiyyətlərə əməl etmədiyini vurğulayaraq bildirib ki, bu laqeydlik cəmiyyətdə intihar xəbərlərinin artmasına müəyyən mənada təsir edə bilir:

“Bu məsələ uzun müddət müzakirə olunmuş və kifayət qədər təhlükəli məsələdir. Bu məsələ o qədər diqqət çəkəndir ki, hətta KİV haqqında təlimatlarda, etik kodeksdə intihar xəbərlərinin təqdim olunması ilə bağlı xüsusi bənd ayrılıb. Praktikada sübut olunmuş haldır ki, intihar xəbərlərinin yayımlanması başqalarının da bu məsələyə meyllənməsində, xüsusən yetkinlik yaşına çatmamış şəxslərdə ağır fəsadlara səbəb ola bilir. Bunu nəzərə alaraq, həm media haqda təlimatlarda, həm də jurnalistlərin etik kodeksində intihar xəbərləri ilə bağlı məsələyə ehtiyatla yanaşmaq, təhlükəli halların göstərilməməsi və informasiyanın detallı deyil, yanlız qısa şəkildə verilməsi tövsiyə olunur. Bizim ənənəvi mediada bu prinsiplərə çox az əməl olunur. Çox təəssüf ki, bizim internet resurslarda bu qadağa və məhdudiyyətlərə məhəl qoyulmur və o cür xəbərlər geniş şəkildə yayılır. Təbii ki, bu hallar cəmiyyətə öz təsirini göstərir. Bu vəziyyəti nəzərə alaraq çağırış etmək olar ki, onlayn xəbər istehsalçıları intihar xəbərlərində ehtiyatlı davransınlar və qoyulmuş məhdudiyyətləri nəzərə alsınlar.

Əsasən xüsusi təhlükəli hallar olanda hüquq-mühafizə orqanları onlayn xəbər istehsalçılarna xəbərdarlıq edir və ya Mətbuat Şurası xüsusi bəyanatlarla çıxış edir. Ümumilikdə isə bu cür xəbərlər o qədər çoxdur ki, hamısını nəzarətdə saxlamaq və münasibət bildirmək mümkün deyil. Ona görə də xəbər istehsalçıları ən azından nəzərə almalıdırlar ki, onlar da vətəndaşdılar və onların da övladları, yaxınları, qohumları bu tipli informasiyaları izləyirlər. Bu baxımdan insanın daxili keyfiyyətləri də önəmli olmalıdır. Çünki bu cür təhlükəli hallar təkcə kənar adamlar üçün deyil, öz ətrafı üçün də problem yaradır. Bu məsələdə hüquqi tənzimləmədən daha çox mənəvi məsələlər önə çəkilməlidir”.


Rübabə Mərdanova: “Depressiyanın ağırlaşmaları intihar seçimini reallaşdırır”.

İntihar hadisələr gizli saxlanılmasının intiharların qarşısının alınmasında müsbəy rol oynaya biləcəyini bildirən psixoloq Rübabə Mərdanova hesab edir ki, intihar xəbərləri insanların intihar etməsinə müəyyən mənada yol açır:

“Azərbaycanda intiharla bağlı rəsmi statistika yoxdur. Amma müxtəlif mənbələrdə ötən ilin yanvar ayı ilə bu ilin yanvar ayı baş verən intiharların sayı oxşardır. İntihar normal seçim deyil. Təəssüf ki, çıxış yolunu intiharda görənlər var. Səbəblər müxtəlif ola bilər. Əsasən depressiyanın ağırlaşmaları intihar seçimini reallaşdırır. Həmçinin, insanlarda psixoloji dözüm səviyyəsinin aşağı düşməsi, insanların hər xırda ağrı zamanı “ağrıkəsici”yə üz tutması intihar riskini artırır. Ona görə də kütləvi informasiya vasitələrində davamlı olaraq bu mövzunun müzakirəsi, "İntiharların sayı günbəgün artır" başlıqlı yazılar bu insanlara təkan verə bilir. Mümkün qədər gizli tutulması müsbət təsir göstərə bilər”.


Tariyel Faziloğlu: “Bu sahədə çalışan müxbirlər kriminalistik dili öyrənməlidirlər və intihar xəbərini elə səviyyədə verməlidirlər ki, insanları intihardan çəkindirsinlər”.

Mətbuatda intihar xəbərləri verən müxbirlərin xüsusən kriminalistik dili öyrənməli olduqlarını fikrini irəli sürən “HUMEL” psixologiya mərkəzinin rəhbəri, psixoloq Tariyel Faziloğlu hesab edir ki, mətbuatda intihar xəbərləri oxuculara düzgün formada çatdırılmadığına görə intiharların sayı artmaqda davam edir:

“Son zamanlar intiharların sayının artmasının psixoloji, sosioloji və iqtisadi səbəbləri var. Iqtisadi səbəbləri hər kəsə məlumdur. Qiymətlərin bahalaşması, iqtisadi böhran, iş yerlərinin bağlanması insanlarda depressiv vəziyyət yaradır. Bu hal sosioloji səbəblərə də səbəb olur. Azərbaycanda son dönəmlərdə münasibətlərdən yaranan problemlər, insanların bir-birinə qarşı inam hissinin azalması, insanların yalnızlığa düçar olması,dostluq-ailə inustitutlarının aşınması intiharların sayının artmasına səbəb olur.

Əsasən cəmiyyətimizdə intihara meylli risk qrupları var. Bu qrupa yeniyetmələr, yaşlı insanlar və post-dramatik stress almış şəxslər daxildir. Bu insanlar digər insanlardan fərqli olaraq intihara daha çox meylli olurlar. Bu qrupa çıxış yolu olmayan, həyata baxışlarında böhran yaşayan, özünütəsdiq ehtiyacı duyan və həyatda özlərinə yer tapa bilməyən şəxslər daxildir. Bu şəxslərlə işləyən zaman ciddi şəkildə diqqətli olmaq lazımdır. Bununla yanaşı, insanı intihara sürükləyən digər səbəblər də var. Bunlardan birincisi elə mətbuatdır. Mətbuat intihar xəbərlərini fləş xəbər kimi qırmızı rənglə verməklə, sanki çıxış yolu olmayan insanlara bir çıxış yolu təqdim edirlər.

Sadəcə bir misal deyim, bu yaxınlarda psixoloq Dəyanət Rzayev intihar etdi. Onun intihar xəbərini bütün mətbuat tirajladı. Və bir psixoloqun intiharı insanlarda, əsasən də risk qruplarında intihara baş vurulması çıxış yolu kimi göründü. Mətbuatın bu intihar hadisəsini ciddi şəkildə tirajlaması intihara meyli sürətləndirirdi. Dəyanət Rzayevin intiharından sonra statistik baxımdan intihar sayları artıb. Nəticə etibarilə Dəyanət Rzayevin intiharından öncə baş verən intihar hadisələri psixoloqun intiharından sonra bir neçə dəfə artıb. Əvvəllər günlük 2-3 dəfə baş verən intihar hadisələri artıq günlük 6-7 dəfəyə çatıb.

Başqa misal da çəkə bilərəm. Bir neçə il öncə Qarabağ qazisi özünü yandırdı. Mətbuatın bunu tirajlaması, həmin qazinin ailəsinə göstərilən diqqətin daim mətbuatda yayımlanması, haqqın əldə edilməsi fonunda çıxış yolu kimi insanlara təqdim edilməsi nəticəsində özünü yandıranların sayını artmışdı. Bildiyim qədər, o hadisədən sonra özünü yandıranların sayı 150 nəfərə çatıb. Bu kiçik bir rəqəm deyil. İnsan psixoloji olaraq hər zaman gərgin vəziyyətdə ola bilər. Gərginlik nədir? Gərginlik bir insanın öz həyatına və ya yaşadığı hansısa hadisəyə dair yaşadığı etiraz hissidir. Gərginliyin kökündə duran etiraz hissidir. Bu etiraz hissinin təmin olunması üçün çıxış yolu axtarılır. Belə bir məqamda intihar xəbərlərinin mətbuatda tirajlanması və etiraz kimi göstərilməsi insanların intiharı çıxış yolu bilməsinə səbəb olur.

Ümumiyyətlə, kriminalistika xüsusi spesifik sahədir. Bu sahədə çalışan müxbirlər kriminalistik dili öyrənməlidirlər və intihar xəbərini elə səviyyədə verməlidirlər ki, insanları intihardan çəkindirsinlər. Eyni zamanda bu xəbərlər təfərrüatına enilmədən statistik şəkildə verilməlidir. Bizim saytlar öz reytinqləri üçün intihar xəbərlərini təfərrüatına enməklə müxtəlif versiyalarla tirajlayırlar. Bu isə sözün əsl mənasında cinayətdir”.


Zülfiyyə Quliyeva: “Sosial şəbəkələrdə intihar xəbərlərinin yayılması qanunla yasaqlanmalıdır”.

Sovet dövründə intihar xəbərlərinin mətbuatda yayımlanmasının qadağan olunduğunu bildirən “Mövqe.az” saytının əməkdaşı Zülfiyyə Quliyeva təklif edir ki, intihar hadisələrinin sayının azalması üçün sosial şəbəkələrdə intihar xəbərlərinin yayılması qadağan olunmalıdır:

“Mənim fikrimcə, intihar xəbərlərinin tirajlanması cəmiyyətə müsbət heç nə vermir. Əksinə, bu cür xəbərlərin yayılması intiharların sayının artmasına təkan verir. Ən pisi isə odur ki, biz bu xəbərləri yayanda, intiharın növünə uyğun şəkil veririk. İnsan iplə canına qıyıbsa, biz şəkil ilə bu intiharın necə baş verməsini canlandırmağa çalışırıq. Boynuna ip keçirən insan fotosu yerləşdiririk. Yaxud da, özünü asıbsa, bu xəbəri yerləşdirəndə, damdan özünü atan insan fotosu yerləşdiririk. Bunlar azmış kimi, indi insanlar özünü ataraq canına qıyan insan görəndə heç nə olmamış kimi onun videosunu çəkirik. Bunlar təsdiqləyir ki, intihar hadisələri tirajlandıqca, bu xəbərləri oxuyan insanlar üçün də adiləşir. Bu da nəticədə insanları bu cür olaylara qarşı soyuqqanlı davranmağa təhrik edir. Ona görə də cəmiyyətə intihar hadisələrinin artması, bu cür xəbərlərin yayılması pis təsir edir. Bunu bu cür hallar da təsdiqləyir. Amma mətbuat olaraq biz üzərimizə düşən işi yerinə yetiririk. Sovet dövründə bu cür xəbərlər ictimaiyyətdən gizli saxlanılırdı. İndi isə media üçün belə bir qadağa yoxdur. Biz bu zaman həmin xəbərləri cəmiyyətə çatdırmaq məcburiyyətində qalırıq. Çünki bizim işimiz xəbərləməkdir. Ona görə də bu cür xəbərlərin yayılması qanunla qadağan edilmədiyi təqdirdə, media da işıqlandıracaq. Qanunla məhdudlaşdırılmalıdır ki, mətbuat da işıqlandırmasın. Amma yenə bir məqamı unutmayaq ki, bu gün sosial şəbəkələr elə media rolunu oynayır. Sosial şəbəkələrdə intihar xəbərlərinin yayılması qanunla yasaqlanmalıdır”.

İlkin Pirəli: “Medianın intihar hallarının artmasında rolu cüzi ola bilər. Əsas məsələ ölkədəki böhrandır”.

İntiharların sayının artmasında mətbuatın rolunun çox az olduğunu vurğulayan “Report.az” saytının əməkdaşı İlkin Pirəlinin fikrincə, intiharların qarşısını almaq üçün ölkə böhrandan çıxmalı və sosial rifah normallaşdırılmalıdır:

“İntiharların artmasına səbəb yaşayış şəraitinin pisləşməsi ilə birbaşa bağlıdır. Manatın devalvasiyasından sonra insanlarda ruh düşkünlüyü baş verdi. Ölkədə tələblə tələbat ciddi fərqləndiyinə görə intiharların sayında artım müşahidə olunur. Digər tərəfdən, banka olan borclar da burada rol oynayır. Bu da bir mərhələdir. Mətbuatın intiharların artmasında rolu minimumdur. Həmişə mətbuatda belə xəbərlər verilib. Azərbaycan mətbuatında daha çox kriminal xəbərlər üstünlük təşkil edir. Bu, zamanla, mövcud reallıqla bağlıdır. Yəni, gündəm boş olursa, ucuz xəbərlər meydan sulayacaq. Sadəcə, bir qədər diqqətli olmaq lazımdır, sıravi vətəndaşın intiharını, adi yol qəzasını günün hadisəsinə çevirmək olmaz. Yəni, bu xəbər nə qədər əhəmiyyətlidir ki, bu cür təqdim olunur? Bütün hallarda medianın intihar hallarının artmasında rolu cüzi ola bilər. Əsas məsələ ölkədəki böhrandır”.


Təranə Xudabaxşiyeva: “Mediada yayılan intihar xəbərləri sanki intiharın reklamıdır”.

Medianın intiharların sayının artmasnda xüsusi rola malik olduğunu qeyd edən “Sputnik.az” informasiya portalının əməkdaşı Təranə Xudabaxşiyeva hesab edir ki, intihar xəbərlərinin yayılması insanları asanlıqla intihar və intihar cəhd hadisələrinə yönəldir:

“Vəziyyət çox gərgindir. Sosial problemlərin artması, yaşayış səviyyəsinin aşağı düşməsi, ətrafda baş verənlər insanlara təsirsiz ötüşmür. Bəli, mediada yayılan intihar xəbərləri sanki intiharın reklamıdır. İnsanlar tez-tez xəbərlərdə intihardan xəbər tutması insanlara psixoloji təsir edir və onlar da seçim yolu kimi bunu görür. Düşünürəm ki, intihar xəbərlərinin yayılmasının qarşısı alınmalıdır. Əks halda bu böyük faciələrə səbəb olacaq”.


Rahil Sayadoğlu: “Cəzasızlıq mühitinin hökm sürdüyü cəmiyyətlərdə adətən belə olur”.

İntiharların sayının artmasında mətbuatn heç bir rola malik olduğunu bildirən aparıcı Rahil Sayadoğluna görə, indiki şəraitdə formalaşmış cəmiyyətimiz və mühit intiharların özünə qəsd etməsinə şərait yaradır:

“Mənə elə gəlir ki, intihar sayının bu qədər artmasında medianın rolu çox cüzidir. Hətta deyərdim ki, yoxdur. Cana qəsd sizə zarafat gəlməsin. Bu çox dəhşətli addımdır. Bir-iki xəbər oxumaqla insan belə ağır qərar qəbul edə bilməz. Əsas səbəblər hər kəsə aydındır. Cəzasızlıq mühitinin hökm sürdüyü cəmiyyətlərdə adətən belə olur. Əslində məhkəmə, polis, həkim, QHT-lər və s. qurumlar çarəsiz insanlar üçün ən son çıxış yoludur. Bunlar da köməyə gəlməyəndə intihar qaçılmaz olur. Bir də hamını öz yaxınlarına qarşı maksimum ehtiyatlı və həssas olmağa çağırıram. İntihar edənlər də bizdən biridir. Aramızdadır. Muğayat olaq yaxınlarımızdan!”.


Günel Cəlilova: “Jurnalist xəbəri elə formada hazırlamalıdır ki, intihara cəhd edən insanı həvəsləndirməsin”.

Mediada intihar xəbərlərinə seçilən başlıqların insanları intihara cəlb etdiyini qeyd edən “Bakı Xəbər” qəzetinin əməkdaşı Günel Cəlilova bildirir ki, intiharların baş vermə səbəbləri müxtəlif olsa da, bu cür xəbərlərin mətbuatda yayımlanmasına xüsusi nəzarət qaçınılmazdır:

“Statistikaya nəzər salsaq, intihar faktının ötən illərlə müqayisədə artdığını müşahidə etmək olar. Bunun üçün Statistika Komitəsinə sorğu göndərmək lazım deyil. Gündəlik mətbuatı izləyən istənilən şəxs gün ərzində neçə intihar hadisəsinin baş verdiyini mediadan oxuya bilər. Hər səhər işə gələrkən bu tipli xəbərləri saytlardan oxumağa demək olar ki, adət etmişik. Əsasən “fılan yaşda olan məktəbli necə intihar etdi”, "kimsə özünü hansısa mərtəbədən atıb intihar etdi”, “sevgilisi tərəfindən tərk edilən şəxs hansısa məhlulu içərək özünü zəhərlədi” və ya “yaşlı bir kişi öz həyətində özünü necə asdı”, başlıqlı xəbərlər yayılır. Bu cür başlıqlı xəbərlər iradəsi zəif olan insanlara intihar yolunu göstərir. Sosial sıxıntısı, müəyyən problemləri olan istənilən şəxs bu cür başlıqlı yazıları oxuyan zaman analoji addım atacaq və ya atmaq istəyinə düşəcək. Zənnimcə, KİV-də intihar xəbərləri yayılmamalıdır. Bu formada olan xəbərlərə xüsusi nəzarət olmalıdır. Jurnalist xəbəri elə formada hazırlamalıdır ki, intihara cəhd edən insanı həvəsləndirməsin. İntiharların artmasının səbəbi müxtəlifdir. Buna sosial durum, müəyyən sıxıntılar və digər səbəbləri misal göstərmək olar. İradəsi zəif olan insanlar çətinliyə tab gətirə bilməyib çıxış yolunu intiharda görürlər. Bir qisim insanlar var ki, onlar intihara cəhd edərək qarşısındakı insanın rəhminə sığınmaq istəyir. Yəni, həmin şəxsə bildirmək istəyir ki, əgər onun hansısa problemini həll etməsə həyatına son qoyacaq. İntihar çıxış yolu deyil”.


Ramil Nəcəfli: “Bizə neqativ duyğular yaşadan informasiyalardan özümüzü uzaq tutmalıyıq”.

İntihar xəbərlərinin mətbuatda yayımlasının dünyada mövcud olduğunu və bunun qarşısını almağın mümkün olmadığını qeyd edən psixoloq Ramil Nəcəfliyə görə, insanlar neqativ informasiyalardan uzaq duraraq intihar xəbərlərinin mənfi yüklü psixoloji təsirlərinin qarşısını ala bilərlər:

“İntihar edən şəxslərin əksəriyyəti depressiyada olan şəxslərdir. Depressiya heç də adi psixoloji problem deyil, onun dərəcələri var. Ən son mərhələsində depressiyalı insan intihara əl atır. Elə depressiyanın əlamətlərinə baxsaq, intiharların səbəbini də təyin edə bilərik. Depressiyada olan insan hər şeyin, xüsusən də heyatın mənasının olmadığı düşüncəsinə gəlir. Boşluq, heçlik və mənasızlıq içində özünü tapır. Digər əlamətləri ümidsizlik, insanlara və ətraf mühitə inamsızlığın olmasıdır. Depressiyalı insan kədər və qem-qüssə içərisində olur. Əvvəllər sevdiyi, xoşladığı, zövq aldığı şeylərdən indi zövq almır. Hər şeyə həvəssiz və istəksiz olur. İşə getməyə və dost-tanışla, hətta yaxın adamlarla ünsiyyətdən, kontaktdan qaçır. Depressiyaya səbəb olan faktorlar arasında, itkilər, xəstəlik, qəzalar, boşanma və ayrılıqlar, həmçinin müflisləşmə, habelə cəmiyyətdə özünə yer tapmamaq, ağır iqtisadi-sosial problem qarşısında acizlik, cəmiyyətdən təcridolunma kimi faktorları misal gətirmək olar. Göründüyü kimi, göstərdiyim bu əlamətlərin biri kifayət edər ki, insan özünü çarəsiz, aciz, ya da ağır depressiyada hiss etsin və həyatının mənasız olması fikrinə gəlsin. Əgər insan həyatın mənasız olduğu fikrinə gəldisə, bu artiq ciddi SOS işarəsidir. O insanın həyatındakı təlatümdən xəbər verir. Təbii ki, bu fikrə gəlməsi üçün hərənin öz səbəbi var.

Son vaxtlar fikir vermisinizsə, mövcud həyat şərtləri qarşısında aciz və çarəsiz olan, adaptasiya oluna bilməyən adamların sayı artır. Bəli, fərqli yaşam şərtleri ilə üz-üzəyik. Fərqli həyat mühitində fərqli davranışlar ortaya qoymaq lazımdır. Bunu isə kimsə bacarır, kimsə yox… Bu zamanda kimsə uyğunlaşıb çarə tapır. Tələb olunan kimi yaşıyır, davranır, addım atır. Bəziləri də bu cür həyat şərtləriylə barışa bilmir. Ya ölkədən, ya da həyatdan gedir. Son vaxtlar adamlar depressiyaya, çarəsizliyə düşmələrinin səbəbini ya iqtisadi problemlərlə, ya da şəxsi həyatında mənəvi-ruhsal problemlərlə əlaqələndirirlər. Bir çoxları da sevgi-məhəbbət sarıdan aldıqları travmalarla izah edirlər. Elə adamlar var ki, yaxın adamını itirməsi ilə barışa bilmir. Eləsi de var, düçar olduğu ağır, sağalmaz xəstəliyin verdiyi əziyyətə dözə bilmir. Xarakterlər və münasibətlər fərqlidir. Adam da var ki, qonşu, qohumlar arasında biyabir olduğuna görə özünü öldürür, intihar edir. Cəmiyyətdə bu kimi hallar yüz illərdir ki , mövcuddur. Yəni, insanların mövcud həyat şərtlərinə uyğunlaşması, adaptasiya problemi hemişə olub və olacaq. Tələb olunan kimi yaşaya bilməyənlər, təkcə dövlətin problemi deyil. İnsanlar düşüncə tərzini dəyişməlidirlər.

Bilirsiniz, bizi xəstə edən, öldürən, axırımıza çıxan, baş verən hadisələr, dünyanın işləri , dövlət və ya insanlar deyil. Bizi mehv eden, psix edən dünyaya və həyata olan münasibətimiz, yanaşma tərzimizdir. Özümüzü, düşüncə tərzimizi dəyişməliyik. Çarəsiz deyilsiniz. Ağır depressiyada olan insan stressdə olduğuna görə fikirləşə bilmir. Bəlkə də heç ağlına da gətirmir ki, onun probleminin helli burnunu ucunda, lap yaxındadır. Adam tanıyıram ki, bu ölkədə gündə 1000 manat pul qazanır, maddiyyat problemi yoxdur. Ancaq mühitdəki eybəcərlik hesab etdiyi hallarla barışa bilmir və indi xaricə cixib gedib. Adam da var ki, bəlkə də 50 adama kələk gələ-gələ yalan və fırıldaqlarl , borc alıb aldatmaqla başını dolandırır. Deyir ki, həyatda belə yaşamaq lazımdır.

Bu yaxınlarda bir dostumun anası rəhmətə gedəndə ağır depressiyaya düşdü. Çünki anası ilə birlikdə yaşayırdı, ona sıx bağlı idi. Lakin digər bacı, qardaşları onun qədər təsirlənmədi. Kimisi acizlikdən intihar edir. Kimisi başqalarını aldadıb borc ödəyir, bir başqası da borclulara “haqqızı halal edin. Mən artıq Almaniyaya getdim”, deyir. Bütün bu hadisələr insanların həyata və həyat şərtlərinə reaksiyasıdır. Zəmanə fərqli davranış tələb edir. Adaptasiya oluna bilməyən insanlar aciz qaldıqlarını fikirləşib, intihar edirlər. Mənim yanıma müxtəlif aylarda həyata fərqli tərzdə baxan iki qız gəlmişdi. İkisinin də bakirəliyi toydan öncə pozulmuşdu. Qızın biri deyirdi ki, əməliyyat etdirib ərə gedəcəm və getdi də. O biri qız isə deyirdi ki, sevdiyim oğlan məni aldadıb, bakirəliyimi pozub amma indi rahatca gəzir. Mən bədbəxt oldum. Heç bir oğlana qıymaram ki, mənimlə evlənsin. Çarəsizlikdən, ləyaqətini itirdiyinə görə intiharın beş addımlığında idi. Görürsünüz? Həyat şərtlərinə müxtəlif reaksiya verən adamlar var. Mən artan intiharların səbəbini belə izah edirəm.

Mətbuatın, sosial şəbəkələrin, televiziyaların intiharın artmasındakı roluna gəlincə, intihar hadisələrində az da olsa rolu var. Bizə neqativ duyğular yaşadan informasiyalardan özümüzü uzaq tutmalıyıq. Yoxsa, mətbuat reytinq üçün intihar xəbərlərini həmişə manşet edəcək. Bu bir qayda olaraq bütün dünyada mövcuddur. O prinsipləri fərd olaraq dəyişə bilmərik. Yaxşısı budur ki, çox da irtibat qurmayaq ki, sonra pis olmayaq”.

Gülşən Şərif



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024