Mobil versiya
“Bütün şirkətlərə rəhbərlik edirdiz” - Eks-deputatın məhkəməsində gərginlik
Tarix: 2-02-2017, 16:01 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet | çapa göndər

“Bütün şirkətlərə rəhbərlik edirdiz” - Eks-deputatın məhkəməsində gərginlik



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, D.Xəlilov "Beynəlxalq Bank"ın sabiq sədri Cahangir Hacıyev vasitəsilə Aqora MMC-nin adına 1 milyon manat məbləğində kredit götürüb şirkətin Norveç filialındakı hesabına köçürüb. Şirkətin rəhbəri Fərhad Əmiraslanovun adına mal mübadiləsi aparılması adı ilə 3,3 milyon dollar kredit verilib, lakin heç bir mübadilə işi aparılıb. Həmin məbləğ İsveçrədəki hesaba köçürülüb. Bu yollarla bir neçə belə əməliyyat həyata keçirilib, Beynəlxalq Banka və Aqrar Kredit Banka külli miqdarda ziyan vurulub.

D.Xəlilov və digər təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.

Dünyamin Xəlilov ona təklif edilən sərbəst çıxışdan imtina edib: “Mən hazırkı mərhələdə ifadə vermək istəmirəm”.

Digər təqsirləndirilən Mansur Zeynalov "Azərqaztikinti" şirkətində hüquqşünas işlədiyini deyib: "2007-ci ildə Dünyamin Xəlilovun tapşırığı ilə mən və bir neçə şəxs yeni şirkət yaratdı. Bizə dedilər ki, bu, normal prosedurdur, heç bir problem olmayacaq. Mən bilmədiyim müqavilələrə, ağ kağızlara qol çəkirdim. Bu şirkətə görə mənə heç nə vəd olunmamışdı, heç bir pul da almamışam. Mən həm də idman təşkilatında işlədiyim üçün tez-tez xaricə gedirdim. Buna görə adıma açılan "Kongo Group" şirkəti ilə bağlı sənədlərə imza atmağa vaxt olmurdu. Mənə dedilər ki, sən gəl etibarnamə ver, qol çək, hər şeyi özümüz həll edək. Belə də etdim. Bir müddət sonra məni Vergilər Nazirliyinə çağırıb dedilər ki, şirkətlə bağlı cinayət işi açılıb. Mən onlara da dedim ki, həmin şirkətlə heç bir əlaqəm yoxdu, sadəcə formal olaraq direktor və təsisçi olmuşam. Bundan sonra bir neçə dəfə də məni şirkətə çağırdılar, ora gedib imza atmaqdan imtina etdim. Buna görə də şirkəti başqa adamın adına keçirdilər".

Təqsirləndirilən Şakir Musayev "İnter Tekstil" ASC-nin İdarə Heyətinin üzvü olub: “Mənim işçilərim Dünyamin Xəlilovun tapşırığı ilə Beynəlxalq Bankda kredit müqavilələrinə qol çəkiblər. Mən Dünyamin müəllimi 2006-cı ildən, onun deputat olduğu vaxtdan tanıyıram. Dünyamin Xəlilov onda həm də "İnter Tekstil" şirkətinə rəhbərlik edirdi. Dünyamin müəllim mənə zəng edib dedi ki, işçiləri bankın Mərkəzi Filialına göndərin. Layihələrlə bağlı kredit müqavilələrinə qol çəkəcəklər, kredit ödəniləcək. Mən də bunu baş mühasibə tapşırdım. Nə mən, nə də işçilər nə qədər kreditə qol çəkdiklərini bilmirdilər. Sadəcə istintaqda bildim ki, pullar "Səbail Mebel" şirkətinə köçürülüb. Dünyamin müəllim bizim rəhbərimiz idi, onun tapşırıqlarını icra edirdik. Rəhbərin alnına yazılmır ki... Biz ona hesabat verirdik. Rəsmi şirkət rəhbərləri heç kimi idi”.

D.Xəlilov Ş.Musayevə heç bir tapşırıq vermədiyini deyib: “Siz hardan bilirdiniz ki, o müəssisələr mənimdir?”

Ş.Musayev “Sizin tapşırıqlarınız əsasında bilirdim. Bütün göstərişləri sizdən almışam. Bütün şirkətlərə qeyri-rəsmi rəhbərlik edirdiniz. Ümumiyyətlə, bizim "General Construction"un ofisində yerləşən bütün şirkətlər Dünyamin Xəlilovun idi”, - deyə bildirib.

Təqsirləndirilən Fərhad Əmiraslanov deyib ki, 2005-ci ildən "General construction" şirkətində departament rəhbəri işləyib: “2007-ci ildə Dünyamin müəllim dedi sənin adına şirkət açırıq, maaşını da 100 manat artırıram, razılaşdım. Mənə deyilən bütün sənədlərə qol çəkirdim. İstintaqa çağırılanda bunlardan xəbərdar oldum”.

"Səbail Mebel" şirkətinin direktoru Seyfulla Seyfullayev deyib ki, Dünyamin Xəlilov həmin şirkətin səhmlərini alıb: “Sonra mənə zəng edib ki, Beynəlxalq Bankın dəstəyi ilə dövlət əhəmiyyətli bina tikilir, kredit üçün qol çəkmək lazımdır. Mənim adıma bir neçə dəfəyə 10 milyon dollardan kredit götürüldü. Bir müddət sonra bankdan zəng edib dedilər ki, borcunuz yığılıb qalıb. Biz də şirkətin alqı-satqısını ləğv etdik”.

D.Xəlilov F.Əmiraslanova sual verərək “Mən şəxsən sizə tapşırıq vermişəm ki, gedin, kredit götürün?”, - deyə soruşub. F.Əmiraslanov D.Xəlilovun şəxsən onunla danışmadığını, onun adından başqa adamların tapşırıq verdiyini deyib.

Digər təqsirləndirilən Ruslan Əsgərov deyib ki, D.Xəlilovun işçisi olub, onun göstərişi ilə adına şirkət açılıb və deyilən sənədlərə qol çəkib və əvəzində maaşına 100 manat əlavə olunub: “Kredit müqavilələrinə qol çəkmişdim. Şirkətin fəaliyyəti ilə bağlı heç nədən xəbərim yox idi. Rəhbərlikdən soruşdum, dedilər sənin adına olan kreditlər bağlanıb”.

Təqsirləndirilənlərdən biri, "Atəşgah" Dövlət Memarlıq Qoruğunun baş elmi işçisi Rauf Əliyev deyib ki, dostunun xahişi ilə bu işə qoşulub: “Dostum, "General Construction"un idarə heyətinin üzvü Camal mənə dedi ki, gəl, sənin adına şirkət açaq, heç bir iş görməyəcəksən, sadəcə adın direktor olacaq, arada sənədlərə qol çəkəcəksən. Mən də razılaşdım, deyilənləri etdim. Adıma "Sportline" şirkəti açıldı. Boş vərəqlərə qol çəkirdim. Sonra da dedilər banka gedib qol çəkmək lazımdı, göstərdilər ki, bura qol çək, ora qol çək, mən də çəkdim. Heç kreditin məbləğini də bilmədim. Qalan məsələləri də istintaqda öyrəndim. Dünyamin Xəlilovi tanımırdım, heç adını da bilmirdim”.

Məhkəmə prosesi martın 2-də davam etdiriləcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 50 milyon manat mənimsəməkdə ittiham olunurlar. İş üzrə “Beynəlxalq Bank” və “Aqrarkredit Bank” ASC zərərçəkmiş şəxs kimi tanınıb.

Qeyd edək ki, D.Xəlilov 2015-ci il fevral-iyun aylarında iş adamlarının saxlanılması əməliyyatı çərçivəsində həbs edilib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilməklə İstintaq Təcridxanasına köçürülüb.

D.Xəlilov “Globus Plaza”nın sahibidir. Beynəlxalq bankın keçmiç rəhbəri və hazırda həbsdə olan Cahangir Hacıyevin qohumu olan D.Xəlilov həmin bankla bağlı kreditlərin verilməsi və pulların mənimsənilməsi qalmaqalı ilə bağlı saxlanılıb. (Qafqazinfo.az)



5325 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30